Ümumİ məlumat

Dövlət Avtomobil Nəqliyyatı Xidməti avtomobil nəqliyyatı sahəsində (Bakı, Sumqayıt və Gəncə şəhərlərinin inzibati ərazisində avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma istisna olmaqla) dövlət tənzimləməsini, əhalinin və iqtisadiyyatın avtomobil nəqliyyatı ilə daşımalara və digər nəqliyyat xidmətlərinə ehtiyacının təmin olunmasına, beynəlxalq və ölkədaxili sərnişin və yük daşımalarına dair qayda və tələblərə, habelə bu sahədə Azərbaycan Respublikasının normativ hüquqi aktlarının və tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına riayət edilməsinə dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır.

Azərbaycanda avtomobil nəqliyyatının yaranma tarixi XX əsrin əvvəllərinə təsadüf edir. Belə ki, 1911-ci ildə Azərbaycanda cəmi 36 avtomobil olmuşdur. 1920-1930-cu illərdə əsasən neft sənayesində texnoloji və xüsusi  məqsədlər üçün istifadə olunan ilk ixtisaslaşdırılmış avtomobil parkı yaradılmış, bununla da avtomobil nəqliyyatı özünün ilkin inkişaf mərhələsinə qədəm qoymuşdur. 1926-cı ildə respublikada 896 ədəd avtomobildən 275-i minik,  518-i yük və 103-ü ixtisaslaşdırılmış avtomobillər olmuşdur. Yük avtomobillərinin 400-dən çoxu “Azneft”in sərəncamında idi.

Respublikanın sənaye, kənd təsərrüfatı, müdafiə və digər sahələrinin çevik avtomobil nəqliyyatı təsərrüfatı ilə təmin edilməsi məqsədi ilə 1935-1936-cı illərdə “Soyuztrans” adlı ümumi istifadəli qurum yaradılmışdır. Bu qurum 1939-cu ildə “Avtomobil Nəqliyyatı Xalq Komissarlığı”na, 1946-cı il martın 15-də isə Avtomobil Nəqliyyatı Nazirliyinə çevrilərək ölkə iqtisadiyyatına əhəmiyyətli töhfələr vermişdir.

 Respublikanın avtomobil nəqliyyatı 1970-1980-cı illərdə Ulu Öndərimiz Heydər Əliyevin xüsusi qayğısı nəticəsində daha yüksək  inkişaf mərhələsini yaşamışdır. 1990-cı ildə respublika üzrə yük daşımalarının 46.9%-ni, sərnişin daşımalarının isə  73.8%-ni  yerinə yetirən bu sahənin altmış mindən çox əməkdaşı, 140 avtonəqliyyat, 9 sənaye və 11 tikinti müəssisəsi olmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 29 yanvar 1992-ci il tarixli, 559 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Avtomobil Nəqliyyatı Nazirliyi “Azəravtonəqliyyat” Azərbaycan Dövlət Konserninə çevrilmişdir. Ölkənin nəqliyyat sisteminin inkişafı sahəsində vahid dövlət siyasətinin aparılmasını təmin etmək, iqtisadiyyatın idarəetmə strukturunu  təkmilləşdirmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 5 avqust 1998-ci il tarixli 743 nömrəli Fərmanı ilə Nəqliyyat Nazirliyi yaradılmışdır. Keçmiş Nəqliyyat Nazirliyini fəaliyyətinin təmin edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 iyun 2003-cü il tarixli 880 nömrəli Fərmanından irəli gələn məsələlərin həlli məqsədilə “Azəravtonəqliyyat” Azərbaycan Dövlət Konsernin əsasında keçmiş Nəqliyyat Nazirliyinin tabeli qurumu olan “Avtonəqliyyatservis” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 4 iyul 2008-ci il tarixli 792 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasında avtomobil nəqliyyatı sahəsində idarəetməni və dövlət nəzarət sistemini təkmilləşdirilmək məqsədi ilə “Avtonəqliyyatservis” Məhdud Məsuliyyətli Cəmiyyətinin əsasında Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidməti yaradılmışdır.


Azərbaycan Respublikasında nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 12 yanvar 2018-ci il tarixli 1785 nömrəli Fərmanına əsasən Dövlət Avtomobil Nəqliyyatı Xidməti Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strukturuna daxil olan tabeli qurumudur.